Dindar, hərbçi, tələbə . . .

. . . Bəs növbədə kimdir?

“Heç zaman sarsılmayacağını qarşısına məqsəd qoyan insanı sarsıdan hadisə”

Tələbə və terror, təhsil və zorakılıq, müəllim və yaraqlı, akademiya və qruplaşma. Bu sözlər bir-birinin nə sinonimi, nə antonimi, nə də omonimidir. Bu sözləri birləşdirən 2009-cu il aprelin 30-dur, Azərbaycan Dövlət Neft Akademiyasıdır və ya Azərbaycan neftidir.
Mən də bir tələbəyəm, o tələbə ki, tələbə yoldaşlarım terrorun qurbanı olub. Mənə də bir müəllim dərs deyir, o müəllim ki, həmkarı yaraqlının qurbanı olub. İndi nə o tələbə var, nə də o müəllim. Nə o, dərs izah edir, nə də o biri qulaq asır. Günahları nə idi? Azərbaycan Dövlət Neft Akadamiyasında dərs demək, yoxsa orada oxumaq? Gühanları nə idi – sıravi müəllim və ya tələbə olmaq?
Məni sarsıdan da budur. Onlar nə siyasətçi idilər, nə terrorçu, nə iqtisadçı idilər, nə də ekstremist. Bəs nə üçün onlar siyasətin, terrorun, neftin və ya ektremizmin qurbanı oldular? Gözdağımı?! Kimə, niyə və nəyə görə?
Məni sarsıdan da budur.
Hər gün səhər yuxudan duran kimi birinci işim google.com saytının “News” bölməsində “Azerbaijan” yazıb, axtarış vermək olur. Adəti üzrə aprelin 30-da da eyni hadisə təkrar olunur. Açılan ilk mənbə “The Guardian” qəzeti olur, məqalənin başlığı isə 13 nəfərin ölümünə işarə edir. Donub qalıram, axtarış bölməsinə “Azerbaijan”, yoxsa “Virginia” yazdığıma tərəddüd edirəm. Aşağıda isə xəbərlə bağlı 512 oxşar mənbənin bir neçəsini yoxladıqdan sonra şübhələr içərisində şoka düşürəm, istəmədiyim halda iradəmə qalib gələ bilməyib sarsılıram.

Avtomatik olaraq, son bir il gözümün qabağına gəlir: 3 terror – avqust, fevral, aprel.
Əvvəlcə dindarlar, sonra hərbçi, indi də tələbə-müəllim təbəqəsi. Cəmiyyətin əsasını təşkil edən bu 3 təbəqəyə hücum nəyə işarədir? Hələ avqust ayında baş vermiş məscid partlayışı zamanı bunun davamının gələcəyini hiss etmişdim. Ancaq Azərbaycan cəmiyyətinin ən sakit hissələrindən birini təşkil edən tələbələrə hücumu isə ehtimal ki, heç kəs gözləmirdi (Təşkilatçılardan başqa). Belə hadisələr əsasən zərurətdən həyata keçirilir. Bu kimi qətliamlar adətən bir nəfərin deyil, bir neçə tərəfin maraqları daxilində baş tutur.
Mən heç bir hadisəni araşdırmaq və ya kimlərisə ittiham etmək fikrində deyiləm. Ancaq məni düşündürən, içimi qurd kimi yeyən bir sual var. Dindar, hərbçi, tələbə . . . bəs növbədə kimdir? Mənmi, yoxsa sən? Həkimlər, jurnalistlər, alimlər – özünüzü qoruyun! Ayıq olun, sonra gec ola bilər. Növbə sizə də çata bilər.
Çalışın, MAT qalmayın!

One Comment to “Dindar, hərbçi, tələbə . . .”

  1. Həqiqətən gözəl sualdır? Kimdir növbədə. Kimlər gedəcək yenə? Ve “kimlər” kimləri kimlərin əliylə o dünyaya yola salacaq? Bu qeyri müəmmalıdır. İndi axı moddur özümüzü öz əlimizlə məhv eləmək. Elə bu yaxınlarda yenicə sayt cıxdı. Bayraq yandırma. Ve saytin asagisina baxanda bele yazilib 24 aprel armenian soyqirim. ve bizim net istifadecileri de ora girib ermanistanin bayragini yandirirlar. Men onlari qinamiram. Cunki onlarin da elinden gelen bayraq yandirmaqdir virtual olsada. Ama men teklif edirem ki ele bir siyaset qurmaq lazimdir ki effekli olsun.ve ister avropa isterse de amerikanin bizi desteklemekden basqa bir secim sansi qalmasin. Goresen olacami ele nefer cixib dunyaya YETER !!! deye bilsin. Biri var idi. Bextiyar. O da bu deqiqe hebsdedir. Neyse yazdiqca gedir bu sohbetin axiri. Eminem ki eslinde ne demek istediyimi basa dusdunuz. Sonda Emil sene bu xebere gore bir daha tesekkurumu bildirirem.

Leave a comment