Bakıya necə daxil olaq?

Bir neçə il öncə Bakıya səfər edən səfər edən çalışan yapon (Amerikada yaşayan) tanışım və onun atasının Bakı barədə ilkin təəssüratı heç də ürəkaçan olmayıb, amma bir o qədər də gülməli olub.  “Bakı haqqında ilk təəssüratın nə olub?” sualına yapon tanışım cavab verərək nəql edir: “Bakıya birinci dəfə idi gedirdim. Atamla idim. Sağ-salamat təyyarədən düşüb, uzun bir sərgüzəşti geridə qoyduğumuza sevinirdik. Ancaq qarşıda bizi daha narahatedici sərgüzəştin gözlədiyindən xəbərdar deyildik. Tam Pasport Nəzarət Məntəqəsinə çathaçatda qəribə bir mənzərənin şahidi olduq. Cəmi bir məntəqə çalışırdı və bu məntəqənin qarşısında kütləvi etiraz aksiyasına bənzər bir “cərgə” var idi. Növbəyə haradan dayanacağımızı düşünərək atama doğru baxdım və bu an atam da çox qəribə baxışla mənə elə mənim ona ünvanlamaq istədiyim sualı verdi: “Biz bu kütlənin arasından Bakıya daxil ola bilməyəcəyik. Bəs biz indi Bakıya haradan girək?” Doğurdan da o zaman elə düşünmüşdük ki, biz daha Bakıya daxil ola bilməyəcəyik”.

Düzünü desəm, mən də ilk dəfə Amerikaya gələndə eyni hissləri yaşamışam. Əmma . . .
Amması ondan ibarətdir ki, mən İmmiqrasiya məntəqəsinin qarşısında ilanvari növbəni görüb heç zaman Vaşinqtona daxil ola bilməyəcəyimi düşünmüş. Bizdəkindən fərqli olaraq orada insanlar tək-tək elə növbəyə dayanmışdılar ki, cərgə metrlərlə uzanırdı (ilkin olaraq mənə çox uzun görünürdü). Bircə məsələ var idi ki, orada kiminsə səndən önə keçməsi ehtimalı sıfra bərabər idi. Heç zaman belə bir təcrübə görmədiyimdən bunu o dəqiqə dərk edə bilmədim, amma asta-asta heç kimim məndən qabağa soxulmayacağını başa düşərək növbəmin çatdığı vaxt ABŞ-a daxil olacağıma əmin oldum.

Təəssüf ki, yapon tanışım saatlarla növbədə dayansa da, ölkəyə daxil olana kimi növbəsinin nə zaman çatması ona qeyri-müəyyən olaraq qalıb. O, hələ də ölkəyə daxil olmasını böyük bir şücaət kimi qiymətləndirir!

Çalışın, MAT qalmayın!

One Trackback to “Bakıya necə daxil olaq?”

Leave a comment