January 16, 2012

Facebook-da azərbaycanlıların inqilabı: Kim hara gəldi öz parolunu soxur!

Çoxdandır blogda heç nə yazmırdım. Bu müddət ərzində Facebookda müşahidə etdiyim bir reallığı, ürək ağrıdan reallığı, daha dəqiq desəm, mənə gəncliyimiz adına utanc gətirən reallığı sizinlə bölüşmək istəyirəm. Mövzuya birbaşa giriş vermək mümkün olmadığından blogpostu oxuduqca bu reallığın nədən ibarət olduğunu anlayacaqsınız.

Əvvəla onu deyim ki, Mark Zukerberg Facebooku yaradanda sizə bəhs edəcəyim reallıqdan xəbəri olsaydı, bəlkə də, Facebookun nizamnaməsini yazanda onu daha çox “odnoklasniki”nin nizamnaməsinə bənzədərdi.

Xatirinizdədirsə, Facebook, Twitter barıtına ilk dəfə qığılcım Moldovada düşdü və ilk inqilab orda baş verdi. Ardınca, 2008-ci ildə Facebook İranı kütləvi etiraz aksiyaları zamanı informasiya böhranından xilas etdi, düzdü inqilab eləyə bilmədi, amma rejimi lazımi qədər çalxaladı. Sonrası da hamıya aydındır: Tunis, Misir, Liviya, İordaniya, Bəhreyn, Suriya, Yəmən – hamısında Facebook xalqın toplum halına gəlməsində azacıq da olsa bir miras qoydu.

Facebook Azərbaycanda da azacıq da olsa, gənc təbəqəni oyada bildi. Gənclər dar obyektivlərini bir qədər genişləndirdilər. Daha doğrusu mən bundan əvvəlki blogpostumu yazanadək elə düşünürdüm. Amma son 5-6 ayda müşahidələrim mənim yanıldığıma işarə etdi.

Nəyə görə?

Birincisi, anladım ki, moldovalılar, iranlılar, ərəblər və s. Facebook vasitəsilə inqilab etmək haqda düşündüyü halda, bizimkilər bu inqilabı yanlış anlayıblar. Elə bilməyin ki, bizimkilər inqilab eləməyib, başımızın üstündə Allah var, eləyiblər. Ancaq bir-birilərinin səhifələrini hack eləməkdə inqilab eləyiblər. Təsəvvür edin ki, elə səhifələr var ki, bir gündə 3-4 tamam müxtəlif istifadəçi tərəfindən hack olunur. Soxhasoxdu! Kim hara gəldi öz parolunu soxur. Böyük inqilabdır!

Gələk məsələnin digər tərəfinə…

Facebookda fan page-lərdə üzv saylarına nəzər salmamış olmazsınız. Bir Azərbaycan səhifəsi var – deyirlər Azərbaycanın ən böyük səhifəsidir – nə dini-məssəbi bəllidi, nə də mövqeyi. Gündə birinin, hətta deyərdim bir-ikisinin əlinə keçir bəlkə də. Dalınca da başqa bir Azərbaycan səhifəsi gəlir: Azerbaijan-Azerbaycan. Səhifə bəzən normal ehtimal etdiyimiz postu bizimlə bölüşür, amma dalınca da elə bir şey edir ki, adamın qanı qaralır: ya o qədər “düşük” bir fan page-i reklam edir, ya da aşağıda şəkildə göründüyünüz kimi aidiyyəti olmayan şəkillər və ya videoları bölüşür: (yazı şəkildən sonra davam edir)

Şəkil Azerbaijan-Azerbaycan səhifəsindən götürülüb


Like hissəsi də adamı yandırır. Normal postlara diqqətin nə qədər az olduğunu görmək çətin deyil, amma “Ay Maşallah” kimi postlara “Maşallah-maşallah, göz dəyməsin” xeyli likelar gəlir.

Bu məni niyə narahat edir?

Məni ona görə yandırır ki, heç Facebook da bizi intelektsizlik bataqlığından çıxara bilmədi. Facebookda bütün səhifələrin göstəricilərini qeydə almaq iqtidarında olmasam da, intelekt səviyyəsinin yüksəlməsində medianın “`böyük rolunun olduğunu nəzərə alıb, Azərbaycana dair media qurumlarının bəzilərinin Facebook göstəricilərini sizinlə bölüşürəm:
Day.az News Agency (Fan page) – 21 000 üzv
APA Information Agency (Fan page) – 10 000
Azadlıq Radiosu (Fan page)- 9000
VOA Azerbaijani – Amerikanın səsi (Fan page) – 5300 üzv
Azadlıq qəzeti (fərdi hesab) – 5000-ə yaxın
Fakt Xeber (ferdi hesab) – 5000-ə yaxın
Kulis.az (Fan page) – 4600
BBC Azeri (Fan page) – 1890
Mediaforum – 1100
Yeni Musavat (Qrup) – 26 üzv
və s.

Bunları yazmaqda məqsədim müqayisə aparmaqdır. Bu rəqəmlər bəlkə də çox görünə bilər, amma nəzərə alın ki, hazırda rəsmi statistikaya görə, Facebookda Azərbaycandan istifadəçi sayı 600 mindən çoxdur. Bu o deməkdir ki, Facebook-da olan azərbaycanlıların maksimum 2-3 faizi media qurumlarına üzv olaraq onların informasiyalarında faydalanır.

Keçək yerdə qalan 97-98 faizə. Bəs bunlar Facebookda nə iş görür? Maraqlıdır eləmi?  Çox cüzi bir hissəsi aşağıdakı siyahıda öz əksin tapıb:

Letifeler (Fan Page) – 65 000-ə yaxın üzv

Maraqli və məntiqli suallar (Fan Page) – 46 000-dən çox üzv

ML Production (Fan Page) – 45 500-dən çox üzv

Ordan Burdan (Fan Page) – 44 250 üzv

BizimFace (Fan Page) – 32 200-ə yaxın üzv

Və yüzlərlə də üzv sayı 20 000 civarında olan bu formatda boş-boş postlar bölüşən fan pagelər. Hamısını burada bölüşmək mümkün olmaz, bəlkə də çoxlarından sizin də xəbəriniz var. Yəqin ki, mənim kimi gün ərzində dayanmadan sizin də gözünüzü “mazol” edib onların özlərini reklam etməkləri: biri gic-gic, guya cəlbedici başlıqla başqasının səhifəsini bölüşür, o biri də eyni yolla eyni addımı təkrar edir.

Mən bunları necə şərh edəcəyimi bilmirəm, yalnız onu deyə bilərəm ki, bu, mənim gördüyüm reallıqdır.

Çalışın, MAT qalmayın!

June 24, 2011

Əsl Türk əsgərləridir!

Həyatımın ən dəyərli dialoqlarından biri

1992-ci il (mənim 6 yaşım olarkən) Bəylə atamın söhbətindən:

Atam:

– Bəy, övladlarımdır. Hər səhər üçümüz birlikdə Azərbaycan himnini oxuyuruq.

Bəy (qardaşım və mənə xitabən):

– Əsl Türk əsgərləridir!

Qardaşım və Mən (birlikdə):

– Baba, axı mən əsgər olmaq istəmirəm

Qardaşım:

– Mən polis olacam

Mən:

– Mənsə . . .

Bəy (sözümü kəsərək gülümsəyir):

– Vətəni, millətini sevən hər bir kəs onun əsgəridir, Türk əsgəridir!!! Əsgərlik ən şərəfli peşədir!

Bizə Şərəf dərsi verdiyin ucun cox sag ol, Bəy!

Çalışın MAT qalmayın

Yuxarıda söhbət açdığım dialoq mən I sinfə yeni başlayanda olub, bu şəkil isə hadisədən 11 il sonra 2003-cü ildə mən məktəbi bitirəndə çəkilib

June 12, 2011

Bakıya necə daxil olaq?

Bir neçə il öncə Bakıya səfər edən səfər edən çalışan yapon (Amerikada yaşayan) tanışım və onun atasının Bakı barədə ilkin təəssüratı heç də ürəkaçan olmayıb, amma bir o qədər də gülməli olub.  “Bakı haqqında ilk təəssüratın nə olub?” sualına yapon tanışım cavab verərək nəql edir: “Bakıya birinci dəfə idi gedirdim. Atamla idim. Sağ-salamat təyyarədən düşüb, uzun bir sərgüzəşti geridə qoyduğumuza sevinirdik. Ancaq qarşıda bizi daha narahatedici sərgüzəştin gözlədiyindən xəbərdar deyildik. Tam Pasport Nəzarət Məntəqəsinə çathaçatda qəribə bir mənzərənin şahidi olduq. Cəmi bir məntəqə çalışırdı və bu məntəqənin qarşısında kütləvi etiraz aksiyasına bənzər bir “cərgə” var idi. Növbəyə haradan dayanacağımızı düşünərək atama doğru baxdım və bu an atam da çox qəribə baxışla mənə elə mənim ona ünvanlamaq istədiyim sualı verdi: “Biz bu kütlənin arasından Bakıya daxil ola bilməyəcəyik. Bəs biz indi Bakıya haradan girək?” Doğurdan da o zaman elə düşünmüşdük ki, biz daha Bakıya daxil ola bilməyəcəyik”.

Düzünü desəm, mən də ilk dəfə Amerikaya gələndə eyni hissləri yaşamışam. Əmma . . .
Amması ondan ibarətdir ki, mən İmmiqrasiya məntəqəsinin qarşısında ilanvari növbəni görüb heç zaman Vaşinqtona daxil ola bilməyəcəyimi düşünmüş. Bizdəkindən fərqli olaraq orada insanlar tək-tək elə növbəyə dayanmışdılar ki, cərgə metrlərlə uzanırdı (ilkin olaraq mənə çox uzun görünürdü). Bircə məsələ var idi ki, orada kiminsə səndən önə keçməsi ehtimalı sıfra bərabər idi. Heç zaman belə bir təcrübə görmədiyimdən bunu o dəqiqə dərk edə bilmədim, amma asta-asta heç kimim məndən qabağa soxulmayacağını başa düşərək növbəmin çatdığı vaxt ABŞ-a daxil olacağıma əmin oldum.

Təəssüf ki, yapon tanışım saatlarla növbədə dayansa da, ölkəyə daxil olana kimi növbəsinin nə zaman çatması ona qeyri-müəyyən olaraq qalıb. O, hələ də ölkəyə daxil olmasını böyük bir şücaət kimi qiymətləndirir!

Çalışın, MAT qalmayın!

May 28, 2011

“Azərbaycanlıyam” ifadəsinin banisi

Bu, əsasən xaricdə yaşayanların başına gəlir. Vaxtaşırı hansı ölkədən olmağın barədə sualla qarşı-qarşıya qalırsan. Çox asanlıqla, heç bir şey barədə düşünmədən “Azərbaycanlıyam” ifadəsini işlətməkdən çəkinmirik. Amma bilirsinizmi ki, 1918-ci il mayın 27-si bizim belə bir ifadəni işlətməyə haqqımız olmayıb. Ən azından inzibati baximdan. Heç, nə vaxtsa, “Azərbaycanlıyam” və ya “Azərbaycandanam” deyəndə bu dövləti bizə miras qoyanları xatırlamısınızmı? Əminəm ki, yox! Çünki, tarix bunu adiləşdirib. Ancaq tarix bu dövləti yaradanları adiləşdirə bilməz.

Xatırlayıram, 90-cı illərin ilk 5 illiyində ibtidai sinifdə oxuyurdum. O mənzərə heç zaman yadımdan çıxmaz. Solğun bir lövhənin üzərində lövhədən də solğun bir tablo var idi. Orada 3 M.Rəsulzadə əks olunmuşdu. Birinci, Rəsulzadənin qürurlu siması, ikinci, Rəsulzadənin fəxrli siması – dövlət himni, üçüncü, Rəsulzadənin dillər əzbəri olan kəlamı: “Bir kərə yüksələn bayraq, bir daha enməz” və sözsüz ki, bu sözləri oxuyanda heç zaman enməyini rəva bilmədiyimiz bayraq. Amma, o zaman uşaq olduğumuzdan 1995-ci ildə otaq təmir olunanda bizi sinif otagından götürülən tablonun nə üçün bir daha geri qaytarılmaması sualından çox, dərs otağımızın təmiri maraqlandırırdı. Bir neçə il sonra isə otağa 4 il hər dəqiqə lövhəyə baxanda gözümüzə sataşan o şəxs, o kəlam yox, himn və bayrağın fonunda başqa sima və başqa kəlam asılmışdı. Uşaqların başını aldatmaq asandır, amma tarixin başını inanmıram. Kimsə bu gün Azərbaycan adından istifadə edib, tarixi saxtalaşdırıb, bütün tarixi hadisələri öz adı ilə bağlaya bilər. Amma tarix bu insanları yalnız onların özlərinin yazdıqları kitablarda saxlayır. Bü gün bəlkə, uşaqlar Azərbaycanın banisinin kim olduğunu bilmir. Amma, tarix bunu yaxşı bilir! Hamı bizə “Azərbaycalıyam” ifadəsini bəxş edənləri yaxşı tanıyır. Sadəcə bəziləri bunu ürəyinə həkk edir, bəziləri isə unutmağa və ya unutdurmağa çalışır. Onlar bizə DÖVLƏTimizin doğum gününü, DÖVLƏTimizin himnini, DÖVLƏTimizin bayrağını və “Azərbaycanlıyam” ifadəsini miras qoyublar. Onları unudanlar, yalnız öz milli mənsubiyyətini unudanlar ola bilər!

Bayramınız mübarək “Azərbaycanlıyam” ifadəsini bizə bəxş edənləri unutmayanlar!

Çalışın Mat qalmayın!

April 30, 2011

Dindar, hərbçi, tələbə . . .

. . . Bəs növbədə kimdir?

“Heç zaman sarsılmayacağını qarşısına məqsəd qoyan insanı sarsıdan hadisə”

Tələbə və terror, təhsil və zorakılıq, müəllim və yaraqlı, akademiya və qruplaşma. Bu sözlər bir-birinin nə sinonimi, nə antonimi, nə də omonimidir. Bu sözləri birləşdirən 2009-cu il aprelin 30-dur, Azərbaycan Dövlət Neft Akademiyasıdır və ya Azərbaycan neftidir.
Mən də bir tələbəyəm, o tələbə ki, tələbə yoldaşlarım terrorun qurbanı olub. Mənə də bir müəllim dərs deyir, o müəllim ki, həmkarı yaraqlının qurbanı olub. İndi nə o tələbə var, nə də o müəllim. Nə o, dərs izah edir, nə də o biri qulaq asır. Günahları nə idi? Azərbaycan Dövlət Neft Akadamiyasında dərs demək, yoxsa orada oxumaq? Gühanları nə idi – sıravi müəllim və ya tələbə olmaq?
Məni sarsıdan da budur. Onlar nə siyasətçi idilər, nə terrorçu, nə iqtisadçı idilər, nə də ekstremist. Bəs nə üçün onlar siyasətin, terrorun, neftin və ya ektremizmin qurbanı oldular? Gözdağımı?! Kimə, niyə və nəyə görə?
Məni sarsıdan da budur.
Hər gün səhər yuxudan duran kimi birinci işim google.com saytının “News” bölməsində “Azerbaijan” yazıb, axtarış vermək olur. Adəti üzrə aprelin 30-da da eyni hadisə təkrar olunur. Açılan ilk mənbə “The Guardian” qəzeti olur, məqalənin başlığı isə 13 nəfərin ölümünə işarə edir. Donub qalıram, axtarış bölməsinə “Azerbaijan”, yoxsa “Virginia” yazdığıma tərəddüd edirəm. Aşağıda isə xəbərlə bağlı 512 oxşar mənbənin bir neçəsini yoxladıqdan sonra şübhələr içərisində şoka düşürəm, istəmədiyim halda iradəmə qalib gələ bilməyib sarsılıram.

Avtomatik olaraq, son bir il gözümün qabağına gəlir: 3 terror – avqust, fevral, aprel.
Əvvəlcə dindarlar, sonra hərbçi, indi də tələbə-müəllim təbəqəsi. Cəmiyyətin əsasını təşkil edən bu 3 təbəqəyə hücum nəyə işarədir? Hələ avqust ayında baş vermiş məscid partlayışı zamanı bunun davamının gələcəyini hiss etmişdim. Ancaq Azərbaycan cəmiyyətinin ən sakit hissələrindən birini təşkil edən tələbələrə hücumu isə ehtimal ki, heç kəs gözləmirdi (Təşkilatçılardan başqa). Belə hadisələr əsasən zərurətdən həyata keçirilir. Bu kimi qətliamlar adətən bir nəfərin deyil, bir neçə tərəfin maraqları daxilində baş tutur.
Mən heç bir hadisəni araşdırmaq və ya kimlərisə ittiham etmək fikrində deyiləm. Ancaq məni düşündürən, içimi qurd kimi yeyən bir sual var. Dindar, hərbçi, tələbə . . . bəs növbədə kimdir? Mənmi, yoxsa sən? Həkimlər, jurnalistlər, alimlər – özünüzü qoruyun! Ayıq olun, sonra gec ola bilər. Növbə sizə də çata bilər.
Çalışın, MAT qalmayın!

March 21, 2011

Novruz Bayramın Mübarək, Bəxtiyar!

March 7, 2011

İlluzio”ner” Bəxtiyar

Bəxtiyarın nə çətinliklər çəkdiyini içi mən qarışıq onu yaşamayanlar deyə bilməz. Bu gününü demirəm, bu gün çəkdiklərini eyni motivlərlə içəri düşənlər yəqin ki artıq təxmin ediblər. Mən onun bu günə çatmasını deyirəm. Ermənistanın Göyçə mahalından Gəncəyə, Ağdaşa, Bakıya, oradan da Harvarda, indi də Nizami rayon təcridxanasına pənah gətirmiş bu gəncin böyüklüyü onun ədalətpərvərliyində olub, ƏMİNƏM! Azərbaycanda əhalinin 99 faizi özünü sülhpərvər kimi qələmə verir, amma ədalətli sülhün tərəfində olanları barmaqla saymaq olar. Bu o deməkdir ki, yeri gələndə ədalətin tərəfində olub, sülhü şübhə altına atmağı bacarmalısan. Ədalətsizliyə göz yunmamalı, hətta deyərdim ki, göz yunmağı bacarmamalısan. Bəxtiyar, sülhə də çalışır, amma ədaləti daha üstün tutur. Çalışırdı, tuturdu demirəm bir çoxları kimi. Bəli, o bu gün də çalışır, tutur, pənah gətirir, bölüşür, mübarizə aparır və s.

Amma onun haqda kimlər nələr deməyib?! Hamı ondan soruşdu, MASONSAN? NURÇUSAN? HAKİMİYYƏTİN ADAMISAN? HAFİZ HACIYEVİN ADAMISAN? AMERİKANIN ADAMISAN? nə bilim kimsən, nəçisən? Amma bir Allah bəndəsi tapılmadı ki, ondan soruşsun: sən SADƏ VƏTƏNDAŞ BƏXTİYAR HACIYEV deyilsənmi?

Bəxtiyar martın 4-də saxlanılandan sonra vəkili rəsmən onun həbsi barədə açıqlama verəndə Facebook sosial şəbəkəsində gözümə belə bir post dəydi: “Bu dəfə səhvə yol vermədi, həbs olunduğunu özü yox, vəkili açıqladı”. Hərənin öz fikri var, kimsə belə yazıb öz mövqeyidir, qarışmaq fikrim yoxdur. Amma bu statusun şərhlər bölməsində bir maraqlı söz məni yandırıb yaxdı: “Sən illuzion”er”sən”-deyə bir FB istifadəçisi onu çoxlarını illuziya vasitəsilə öz tərəfdarı etməkdə ittiham edirdi.
Xahiş edirəm bir dəfəlik yadda saxlayın. Onu da bir azərbaycanlı ana dünyaya gətirib, o da bizim kimi bir gəncdir, o da bizim kimi, hamımız, hamınız kimi SADƏ VƏTƏNDAŞDIR!!! Ümid edirəm ki, gələn dəfə onu peyğəmbər olub, insanlarda inanc yaratmaqda ittiham etməyəcəklər. O, SADƏ VƏTƏNDAŞDIR!!!

Sadə vətəndaşın kim olmadığını isə mən sizə açıqlayım: Bəxtiyarın “içəri”dən göndərdiyi məktubu oxuyub, ürəyində və ya əməlində bu rejimə qarşı nifrət hiss etməyən və onu hər hansı bir yolla ifadə etməyənlər Azərbaycanın layiqli sadə vətəndaşları deyil. Niyə? Çünki onlar ədalətsiz sülhü sevənlərdir!!!

Çalışın MAT qalmayın!

March 2, 2011

Sorğu

November 12, 2010

PASLANMAQDA OLAN KARUSELLƏR və ya SÜKANI SİZDƏ OLMAYANA ETİBAR ETMƏYİN!

Karusel sözünün terminoloji lüğətdə yalnız bir mənası var ki, bu da əyləncə növünə (xüsusilə uşaqlar üçün) işarə edir. Amma dövrümüzdə bu sözün digər bir mənası da var, bu, seçki manevrlərinin bir növü kimi səciyyələnir. Amma elə ikincinin də anlamı birincidən qaynaqlanır.

Vaşinqtonda yaşadığım üçün hadisələrə Amerika prizmasından yanaşmaya bilmirəm. Buralarda karuseldən yalnız uşaqlar yox, böyüklər də əyləncə üçün istifadə edir. Elə mən də ən azı ildə bir dəfə atraksiona, başqa sözlə karuselə minməsəm illik adrenalinimi ata bilmirəm. Heç kəs karuselin təhlükəsizliyinə 100 faizli təminat verməsə də, bircə şeyi yüz faizli bilirsən, buralarda karuselləri hər səhər texniki baxışdan keçirir, lazımı dəyişiklik və yağlama əməliyyatlarını gündəlik olaraq həyata keçirirlər.

Sonuncu dəfə uşaqlıqda mindiyim (vaxtını belə xatırlamıram) Azərbaycandakı karusellərin isə təhlükəsizliyinə heç kəs təminat vermir! Çünki orada karuselləri nəinki gündə bir dəfə, heç ayda, ildə, bəlkə də on ildə bir dəfə texniki baxışdan keçirmirlər. Bax ona görə də deyirəm, bu, təhlükəli oyundur dostlar. Sizin mindiyiniz bu karusellər bir gün 1990-ci illərdə Bakı bulvarında baş vermiş bədbəxt qəzanın gününə düşəcək. Geci-tezi var. Baxmayaraq ki, bu seçkilərdə karuselləri yaxşıca yağlamışdılar, amma bilmək olmaz, sükanı sizdə olmayana etibar etmək olmaz. Özü də unutmayın ki, yenicə yağlanmış karusel yuxarı necə sürətlə qalxırsa, qırılsa, aşağı düşəndə qalxdığı sürət onun yanında yalan olur.

Çalışın MAT qalmayın!

November 8, 2010

Özümə təzə vətən axtarıram!

Deyəcəksiniz yenə Moşu kimi gic-gic şeyler yazır, amma bu dəfə haqlı olacaqsınız, bu dəfə əsəbimdən yaziram, bu dəfə emosialarımla yazıram, belə yazıları da adətən gic-gic yazılar adlandırırlar.

İnsan doğulandan kar ola bilər, kor ola bilər, amma mən bu saxta karları, saxta korları başa düşə bilmirəm. Əslində başa düşüb -düşməməyim artıq öz əhəmiyyətini itirib, olan-olub, keçən-keçib, yolan-yolub, seçən-seçib. Amma mən day bu Azərbaycana vətən gözü ilə baxa bilmirəm. Anlamıram ki, axı məni də bu Azərbaycan yetişdirib, boya-başa çatdırıb. Niyə heç olmasa bu insanların heç olmasa 50 faizi sağlam düşüncəyə malik deyil? Doğurdanmı bu ölkədə hər hansı bir şəxs hər an öz mənəviyyatını nələrəsə sata bilər?

Noyabrın 7-də Azərbaycanla yanaşı, Birma (Myanmar) və Qvineyada da seçkilər keçirildi. Amma google google-ugu ilə orda belə saxtakarlıqlara rast gəlmədi. Nə deyim vallah. İndi başa düşürəm Azərbaycanın ərazisi niyə əsrlər boyu kiçilə-kiçilə gəlib 86,6 min km kv-ə düşüb. Onunda 20 faizi erməni rejiminin əlindədir. Vətən dediyim bu Azərbaycan hey bölünə-bölünə gəlir. Vətəndə vətənlik bir şey qalmayıb. Day utanıram Azərbaycana ayaq basmağa! Özümə yeni vətən axtarıram, amma azərbaycanlı olmağımı danmağı da özümə sığışdırmıram.

Bəs indi belə ağır şərtlərlə vətəni harda tapım?

Əvvəla 7 noyabr seçkilərində Azərbaycanı işğaldan azad etməyə çalışan bütün sağlam düşüncəlilərə təşəkkür edirəm, amma alınmadı. Neynək, azad edilməli digər 20 faiz qalır hələ.

Bu hakimiyyətdən onsuzda Qarabağı alan çıxmayacaq. Bəlkə biz yeni vətən axtarışı ilə bunu sınayaq. Gedək əvvəlcə Qarabağı azad edək. Orda özümüzə bir hökumət quraq, adını da qoyaq Azərbaycan Xalq Cumhuriyyəti. Mənim ölkəmin adına ləkə gətirəcək hadisələr baş verməsin orda. Qoy oranın nefti olmasın, amma mənəviyyatı olsun. Qoy gürcü mənə deyəndə ki, *Hər bir xalq özünə layiq liderə malikdir*, mənim də ona cavab verməyə dilim olsun. Qoy o ölkənin tələbələri telefon, maşın, qız haqda düşünməsin. Qoy o ölkənin gəncləri cılızlaşmasın, Qoy mənim səsimə, hörmət olunsun, qorunsun! Qoy o dövlət və hökumət xalq tərəfindən seçilsin, xalq üçün seçilsin və Xalq tərəfindən idarə olunsun . . .

Azərbaycanda isə hətta insanlar azərbaycanlı olmağı ilə fəxr etdirilir, mənsə azərbaycanlı olmağımla fəxr etmək istəyirəm, fəxr etdirilmək istəmirəm.

Kaş bu gün bolşeviklər hakimiyyətə yenidən gələrdi, özümü dərk edəndən bəri görmədiyim bir şeyi – İNQİLABI görərdim. Artiq mənim üçün fərqi yoxdu kim gəlirç Hitler də gəlsə razıyamş

Nə isə gedim, göz yaşlarımı tuta bildiyim qədər tutmağa çalışım . . .

Mənəviyyatsızlara gün ağlayan tapılacaq, gedim mən də özümə gün ağlayan kimisə tapım . . .

Siz də çalışın, mənəviyyatınızı qoruyun,

MAT qalmayın!