“Azərbaycanlıyam” ifadəsinin banisi

Bu, əsasən xaricdə yaşayanların başına gəlir. Vaxtaşırı hansı ölkədən olmağın barədə sualla qarşı-qarşıya qalırsan. Çox asanlıqla, heç bir şey barədə düşünmədən “Azərbaycanlıyam” ifadəsini işlətməkdən çəkinmirik. Amma bilirsinizmi ki, 1918-ci il mayın 27-si bizim belə bir ifadəni işlətməyə haqqımız olmayıb. Ən azından inzibati baximdan. Heç, nə vaxtsa, “Azərbaycanlıyam” və ya “Azərbaycandanam” deyəndə bu dövləti bizə miras qoyanları xatırlamısınızmı? Əminəm ki, yox! Çünki, tarix bunu adiləşdirib. Ancaq tarix bu dövləti yaradanları adiləşdirə bilməz.

Xatırlayıram, 90-cı illərin ilk 5 illiyində ibtidai sinifdə oxuyurdum. O mənzərə heç zaman yadımdan çıxmaz. Solğun bir lövhənin üzərində lövhədən də solğun bir tablo var idi. Orada 3 M.Rəsulzadə əks olunmuşdu. Birinci, Rəsulzadənin qürurlu siması, ikinci, Rəsulzadənin fəxrli siması – dövlət himni, üçüncü, Rəsulzadənin dillər əzbəri olan kəlamı: “Bir kərə yüksələn bayraq, bir daha enməz” və sözsüz ki, bu sözləri oxuyanda heç zaman enməyini rəva bilmədiyimiz bayraq. Amma, o zaman uşaq olduğumuzdan 1995-ci ildə otaq təmir olunanda bizi sinif otagından götürülən tablonun nə üçün bir daha geri qaytarılmaması sualından çox, dərs otağımızın təmiri maraqlandırırdı. Bir neçə il sonra isə otağa 4 il hər dəqiqə lövhəyə baxanda gözümüzə sataşan o şəxs, o kəlam yox, himn və bayrağın fonunda başqa sima və başqa kəlam asılmışdı. Uşaqların başını aldatmaq asandır, amma tarixin başını inanmıram. Kimsə bu gün Azərbaycan adından istifadə edib, tarixi saxtalaşdırıb, bütün tarixi hadisələri öz adı ilə bağlaya bilər. Amma tarix bu insanları yalnız onların özlərinin yazdıqları kitablarda saxlayır. Bü gün bəlkə, uşaqlar Azərbaycanın banisinin kim olduğunu bilmir. Amma, tarix bunu yaxşı bilir! Hamı bizə “Azərbaycalıyam” ifadəsini bəxş edənləri yaxşı tanıyır. Sadəcə bəziləri bunu ürəyinə həkk edir, bəziləri isə unutmağa və ya unutdurmağa çalışır. Onlar bizə DÖVLƏTimizin doğum gününü, DÖVLƏTimizin himnini, DÖVLƏTimizin bayrağını və “Azərbaycanlıyam” ifadəsini miras qoyublar. Onları unudanlar, yalnız öz milli mənsubiyyətini unudanlar ola bilər!

Bayramınız mübarək “Azərbaycanlıyam” ifadəsini bizə bəxş edənləri unutmayanlar!

Çalışın Mat qalmayın!

Leave a comment